Əsas kontentə keç

Bazar iştirakçıları

Emitentlər, investorlar, investisiya şirkətləri, banklar və investisiya fondları.

Emitentlər

Emitent — investisiya qiymətli kağızlarının emissiyasını həyata keçirən hüquqi şəxs, o cümlədən beynəlxalq təşkilat, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə.

İnvestorlar

İnvestorlar — qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcıları və ya onları almaq təklifini verən şəxslərdir.

İnvestisiya şirkətləri

İnvestisiya şirkətləri qiymətli kağızlar bazarında investisiya xidmətlərini peşəkar fəaliyyət qismində həyata keçirən, müvafiq lisenziyaya malik hüquqi şəxslərdir. «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya şirkətləri Milli Depozit Mərkəzinin üzvü ola bilər.

İnvestisiya xidmətlərini həyata keçirən banklar

«İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası»-nın 1.3-cü bəndinə əsasən banklar tərəfindən «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə yalnız Azərbaycan Respublikasının ərazisində ticarətə buraxılmış qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının buraxdığı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə investisiya xidmətləri (əməliyyatları) həyata keçirilir.

İnvestisiya fondları və onların idarəçiləri

İnvestisiya fondu səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur.

İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.